Ağatahir Əzimov: "Rəhbərliyə deyə bilmərik ki, Alesionun yerinə filankəsi qoy"
"Gürcüstan millisinin adı autsayderdir, orada oynayan braziliyalılar bizdəkilərdən güclüdür".
Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov əsas yığmanın Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində qrupdan çıxa bilməməsi barədə danışarkən deyib.
Mütəxəssis bunun səbəbini braziliyalı legionerlərin əvvəlki səviyyədə olmaması ilə əlaqələndirib: “Gürcüstan seçməsində isə Çempionlar Liqasının finalında, Falkao ilə bir komandada oynamış oyunçular var. Düzdür, gürcü futzalçılara qarşı oynasaydıq, onları udmalı idik. Amma hazırkı komandada 4-5 güclü braziliyalı və yaxşı qapıçı - Zviad Kupatadze var. Yeganə mənfi cəhətləri gürcüstanlı baş məşqçi Avtandil Asatianinin zəif olmasdır. Bunun hesabına oyunu uda bilərdik. Amma öndə olsaq da, rəqibdən qorxub geri çəkildik və hesabı qorumağa çalışdıq”.
Əzimov bildirib ki, Azərbaycan millisinin qrupdakı əsas rəqibi məhz qonşu ölkə yığması idi: “Qrupun favoriti olan İspaniyaya qarşı çox yaxşı oynadıq. Futzalçılar meydanın hər qarışı uğrunda vuruşdu. Təəssüf ki, Gürcüstanla matçda eyni əzmkarlığı görmədik. Bu da ondan irəli gəlir ki, bizdə braziliyalıların cəmi 2-3 nəfəri səviyyəlidir. Onlar da xəstə olduqları üçün oynamadılar. Digərləri isə yaşlarına görə zəifləyiblər. Əvvəllər millidə Serjao və Biro Jade kimi legionerlər var idi. Onların səviyyələri yüksək olduğundan, əməlli-başlı oyun göstərirdik. İndiki "sambaçılar" isə əvvəlkilərlə eyni deyil".
Baş məşqçi legionerləri tənqid etsə də, yığmaya braziliyalı futzalçıların lazım olduğunu söyləyib: “Çünki ölkədə azərbaycanlı futzalçı qalmayıb. Baş məşqçi Joze Alesio Da Silva 10 il öncə gələndə yerliləri öyrətmək lazım idi. Həmin vaxt yaxşı uşaqlar çox idi. Onlar gedəndən sonra davamı gəlmədi. Çünki uşaq futzal məktəbləri yoxdur, yeni oyunçular yetişdirə bilmirik. O vaxt futzalda sponsor, normal maaş var idi, çempionat maraqlı keçirdi. Bu gün liqada cəmi 3 komanda normal maaş verir. Digərləri maliyyə cəhətdən zəifdirlər. Ona görə də heç kəs havayı futzal oynamaq istəmir. Əvəzində gedib MFL-də çıxış edirlər. Hamı pul qazanmaq istəyir. Rəqabət olmayanda isə oyunçu yetişmir".
Əzimov braziliyalı baş məşqçinin yığmadakı işinə də toxunub: “Açığı, bu barədə çox söz deyə bilmərəm. Məsələn, mən fikirləşirəm ki, əsas millidə işləyə biləcək azərbaycanlılar var. Amma rəhbərlik düşünür ki, əcnəbi olmalıdır. Biz onlara deyə bilmərik ki, Alesionun yerinə filankəsi qoy. Kimin gəlməsindən asılı olmayaraq, əsas məsələ azərbaycanlı uşaqları yetişdirmək, onlara şans verməkdir. 38 yaşlı braziliyalını Avropa çempionatına aparıb orada ehtiyatda otuzdurmaqdansa, azərbaycanlı uşağın ora getməsi, o həyəcanı hiss etməsi, nə isə öyrənməsi daha yaxşı olar. Əcnəbi Azərbaycana nəticə verməyə gəlir. Amma heç kimi yetişdirə bilmirik”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində 3-cü yeri tutaraq, mübarizəni dayandırıb.