"Araz-Naxçıvan"ın yeni transferi: "Bunlar problem yaradacaq məqamlar deyil"
“Hər şey yenidir. Fərqli ölkəyə gəlmişəm, heç vaxt olmadığım şəhərdə yaşayıram. Ancaq bunların heç biri problem yaradacaq məqamlar deyil".
Sportline.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Miço Kuzmanoviç klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı hücumçu yeni komandasına keçdiyi üçün şad olduğunu bildirib: "İdmançının həyat tərzi belədir. Sabahı hansı şəhərdə açacağını əvvəlcədən bilmirsən. Burada yeni komanda qurulduğunu bilirəm. Mən də yenilərin sırasındayam. Kollektivə yaxşı oyunçular dəvət olunub. Hər biri lazımi məqamda kömək edə biləcək gücdədir. Sadəcə, tam formaya düşmək, bir-birimizi anlamaq üçün müəyyən zamana ehtiyacımız var. Hər keçən gün daha yaxşı vəziyyətə gəldiyimizi düşünürəm".
Bosniya və Herseqovinadan olan oyunçu məşqlərin ağır keçdiyini söyləyib: "Bu da normaldır. İndi tər tökməliyik ki, çempionat oyunları zamanı bəhrəsini görək. Hələ ki, 100 faiz hazır olduğumuzu deyə bilmərəm. Amma maksimumu edirik ki, baş məşqçinin istədiyi səviyyəyə çataq. Yeni mövsümdə vuracağım qollarla sözümü deməyi, etimadı doğrultmağı düşünürəm. Məndən başqa daha 2 həmyerlim “Araz-Naxçıvanda”dır. Komandamızda həmyerlilərimin çox olmasının xüsusi bir üstünlük yaradacağını düşünmürəm, amma ünsiyyət qurmaq, meydanda anlaşmaq, adaptasiya olmaq baxımından köməyi dəyir”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 4-də start veriləcək. "Araz-Naxçıvan" ilk matçda "Turan Tovuz"un qonağı olacaq.