Arif Əsədov: "Səfər matçı "Qarabağ" üçün asan ola bilər"

“Şansların bərabər oluğunu düşünmək olar. Düzdür, evdə “Qarabağ” qalib gələ bilərdi. İlk hissədə yaratdığı imkanlardan istifadə edə bilsəydi və vurulan bir qol rəqibin qapanmış müdafiəsinin açılmasına səbəb ola bilərdi. Amma qol vurulmadıqca rəqib də qapalı oynadı və meydanın hər qarışında “Qarabağ”ın futbolçularını birəbir izləməyi gözə çarpırdı”.

Bu sözləri Sportline.az saytına açıqlamasında veteran futbolçumuz, Azərbaycan millisinin məşqçisi Arif Əsədov “Qarabağ”ın Çempionlar Liqasının pley-offuna “Viktoriya” ilə oyunlar barədə danışarkən deyib. Təcrübəli mütəxəssis səfər matçının “Qarabağ” üçün asan ola biləcəyinə də işarə vurub.

“Düşünmək olar ki, rəqib istədiyi nəticəni əldə edə bilib. Amma mən belə düşünmürəm. Fikirləşirəm ki, səfər matçı Qarabağ” üçün asan ola bilər. Nə səbəbə? Çünki rəqib evdə oynayır. Düşünmürəm ki, Bakıdakı kimi qapalı oynayacaq. Açıq oynasa, bu, “Qarabağ” üçün əlverişli olacaq. “Qarabağ”ın hücumundakı keyfiyyətli, kreativ futbolçuları üçün şərait yaranacaq ki, onlar təhlükəli epizodlar yaradıb, qollar vursunlar. Bu baxımdan “Qarabağ”ın şansını yüksək qiymətləndirirəm və inanıram ki, oradan qələbə ilə qayıda bilərlər”.

Arif Əsədov Çempionlar Liqasında güclü, yoxsa Avropa Liqasında nisbətən zəif komandalarla oynamaq məsələsinə belə aydınlıq gətirdi: “Təbii ki, hər bir ölkə futbolunun arzusudur ki, onun klubları bir nömrəli klub yarışı olan Çempionlar Liqasının qrupunda çıxış etsin. Biz də istəyirik ki, “Qarabağ” Çempionlar Liqasının qrupunda oynasın. Çünki, güclü rəqiblərlə oynayırsan, keyfiyyət artır, həm də çatışmayan cəhətlərini görürsən. O reytinqə uyğun komanda qurursan, oyunçuları dəvət edirsən. Ona görə də, daha yaxşı olar ki, “Qarabağ” Çempionlar Liqasının qrupunda oynasın. Artıq “Qarabağ”ın Avropa Liqasında çıxışlarını görmüşük. Təbii ki, növbəti mərhələyə çıxmaq baxımından Avropa və Konfrans Liqası daha əlverişlidir. Amma reytinq, top komandalarla qarşılaşmaq və ölkə futbolunun imicinə xeyri baxımından Çempionlar Liqası daha yaxşıdır və istərdim ki, ora düşsün”.