Aslan Şahgəldiyev idman jurnalistlərini qınayır
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Deparatamentinin rəhbəri Aslan Şahgəldiyev idman mətbuatının səviyyəsi, müsbət tərəfləri, çatışmazlıqları barədə fikirlərini səsləndirib.
- Aslan bəy, idman mediasının işini, səviyyəsini necə qiymətləndirirsiniz, nəyi bəyənirsiniz, nəyi yox? Obrazlı desək, PFL-dəki iş otağından idman mediası necə görünür?
- Bütün sahələrdə olduğu kimi idman mətbuatında da inkişaf üçün maliyyə olmalıdı. Saytların müəyyən büdcəsi olmalıdır. İkinci mərhələ isə, həmin o büdcənin normal xərclənməsidir. Düzgün xərclənəndə inkişaf olur. Bu gün idman mətbuatının maddi durumu hər kəsə bəllidir. Burada gizli bir şey yoxdu. Bu durumda jurnalistlər müəyyən bir iş ortaya qoya bilirlərsə, onları alqışlamaq lazımdı. Məsələn, bu yaxınlarda "Komanda" qəzetinin təsis olması ilə bağlı sosial şəbəkədə bir status oxudum, həqiqətən o hərəkəti, o işləri ancaq fədakar insanlar edə bilər. Heç bir büdcəsiz, pulsuz-parasız, gecə belə evinə getmədən qəzet hazırlayıblar. Elə "Futbol+" qəzetinin durumu da bizə bəllidi. Büdcə yoxdu, maddi baxımdan çətinlik çəkirlər, ancaq yenə də orada çalışan jurnalistlər fədakarlıq edirlər, öz işlərini axsatmırlar.
Bəyənməməyə gəlincə... Əgər bir sahədə maliyyə yoxdursa, tənqid etmək çox asanddı. Bununla bağlı günlərlə, saatlarla jurnalistlərlə danışdığımız olub. Bəyənmədiyim məqam bir-birilərinə olan münasibətləridi. Normal vəziyyətdə deyil və buna çox təəssüf edirəm. Sosial şəbəkələrdə belə jurnalistlərin bir-biriləri ilə deyişməsi insana xoş təsir bağışlamır. Bunu aradan qaldırsalar daha yaxşı olar. İstər PFL-in iş otağı olsun, istər digər sahələr olsun, görüntü eynidi. Səmimi olsaq, o qədər də ürəkaçan deyil. Düzdü, bu sahədə güclü redaktorlar, jurnalistlər var. Lakin onların sayı çox deyil. Bu gün 50-60 idman saytı var. Ancaq onların hamısını mükəmməl adlandırmaq olmaz. Ancaq elə redaktorlar var ki, onların əlində maddi imkan olsa, çox böyük işlər görə bilərlər.
- Özünüz klubdan PFL-ə gəlmisiniz, nə vaxtsa idman mediasında işləməyi arzulayırsınızmı? Yaxud da klubların hansındasa işləmək istərdinizmi?
- Müəyyən yaş dövrlərində insan işləyə bilər. Səmimi desəm, indi elə yaşımdayam ki, romantikaya gərək dalmıyasan. İnsan həyatını, gələcəyini düşünməlidi. Bu yaşdan sonra idman mediasında işləməyi düşünmürəm. Bilmirəm... Həyatdı, hər şey ola bilər. Başqa klubda çalışmaq məsələsinə gəlincə isə, bir-iki dəfə belə təklif olub. Hələ ki, PFL-də çalışıram. Görək axırı necə olacaq. Onu Allah bilir. İnşallah, yaxşı olar, xeyirlisi...
- Ramin Musayevə mətbuatda gedən yazılarla bağlı məlumatı siz verirsiniz, yoxsa PFL prezidenti mətbuatı özü izləyir?
- Gün ərzində mətbuatda yayımlanan əksər yazıları günün birinci yarısında mən deyirəm. Özü də saytlara daxil olub müsahibələri, məlumatları oxuyur. Amma 70-80 %-i haqda mən məlumat verirəm.
- PFL mətbuat nümayəndələrini Antalyaya, səfər oyunlarına çox aparıb... Bundan sonra belə layihələrin davam etməsi gözlənilirmi?
- Jurnalistlərlə bağlı çox layihələrimiz olub. Hətta Unibank Premyer Liqası dönəmində belə... "Qalatasaray" - "Fənərbaxça" oyununa getmişik, bir sıra başqa səfərlərimiz də olub, Kubokun final oyununda uduşlar keçirilib, hədiyyələr verilib. Onlar sponsorlarla bağladığımız müqavilənin bir tərkib hissəsi idi. Bildiyiniz kimi, bu gün sponsorumuz yoxdu. Ona görə də indi bu suala cavab verməkdə çətinlik çəkirəm. Gələcəkdə maddi baxımdan hər hansısa bir problem olmasa, bunlardan da yaxşı layihələr həyata keçirə bilərik.
- İdman mətbuatının və Azərbaycan futbolunun gələcəyini necə görürsünüz?
- Ümumiyyətlə, heç vaxt gələcəyi planlaşdırmamışam. Ümid edirəm ki, yaxşı olacaq. Yaxşı düşünək ki, yaxşı olsun.
Sport7.az