"Avey" İK daha bir idmançını qələbə münasibəti ilə təbrik edib
Respublikanın fəal idman qurumlarından olan “Avey” İdman Klubu gənc güləşçilərin Fransanın Makon şəhərində keçirilən dünya birinciliyindəki uğurlarına da biganə qalmayıb. SportLine.az xəbər verir ki, klub rəhbərliyi yarışın qızıl medalına layiq görülən Qazax güləş məktəbinin yetirməsi Əfqan Xaşalovla (55 kq) görüşüb. Tədbirdə respublika prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğısından, idmançılarımızın Rio-2016-da uğurlu çıxışından və ölkənin idman perspektivlərindən söhbət açılıb.
Sonda möhtəşəm qələbə münasibətilə gənclərin 2-qat dünya çempionuna Fəxri diplom və mükafat verilib.
Görüşdə “Avey” İdman Klubunun prezidenti Arzuman Abdulkərimov, icraçı direktor Şahsuvar Məhyəddinov, çempionun şəxsi məşqçisi Cavid Qurbanzadə, klubunun İdarə Heyətinin üzvləri Yusif Alıyev və Tural Səmədov iştirak edib.