AVRO-2020-nin Bakıdakı oyunlarına bilet qazanmaq imkanı

AVRO-2020-nin əsas mərhələsinin püşkatması ilə əlaqədar müsabiqə elan olunub.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatmaya olan marağı nəzərə alaraq, futbolda təxminlərinə güvənənlər üçün AVRO-2020-nin rəsmi saytında xüsusi bölmə yaradılıb.

Yalnız noyabrın 30-dək http://baku2020.az/az/prediktor linkinə daxil olaraq qeydiyyatdan keçməklə, Bakıya gələcək milli komandaların adlarını təxminlər əsasında qeyd etmək olar. Püşkatmadan sonra, dekabrın 2-də doğru təxmin yazan iştirakçılar arasında təsadüfi seçim aparılacaq. Adı qaliblər sırasında çıxan ilk 5 nəfərə AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarından birinə 2 bilet hədiyyə olunacaq.

Təxminlərlə bağlı qeydlər

Bakı A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə birlikdə ev sahibliyi edəcək. Azərbaycan milli komandası turnirin final mərhələsinə vəsiqə qazanmadığı üçün İtaliya millisi hər üç oyununu öz meydanında keçirəcək.

Bundan əlavə, Millətlər Liqasının 4 pley-off qalibi A qrupuna düşə bilməz. Bu səbəbdən dördüncü səbətdən Finlandiya və ya Uels millisi Bakıda qonaq olacaq. Birinci səbətdən heç bir milli komanda A qrupunda yer ala bilməz. Çünki artıq İtaliya millisi birinci səbətdən A qrupunda yerini təmin edib. Eyni zamanda, ikinci səbətdən Rusiya və Danimarka, üçüncü səbətdən isə Niderland ev sahibi ölkələr olduqları üçün artıq yer aldıqları qruplar bəllidir.

Püşkatma noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə olacaq. 

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.