"Avro-2020": Bakı "A" qrupunun oyunlarına ev sahibliyi edəcək
2020-ci ildə keçiriləcək Avropa Çempionatının hansı oyunlarının Bakıda keçiriləcəyi müəyyənləşib. SportLine.az xəbər verir ki, bununla bağlı təşkil olunan iclasdan sonra UEFA-nın baş katibi Aleksander Çeferin "A" qrupunun görüşlərinin Azərbaycan paytaxtında keçiriləcəyini deyib.
Bununla yanaşı, yarışın açılış matçının Romada olacağı dəqiqləşib. Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) "B", Amsterdam (Hollandiya) və Buxarestdə (Rumıniya) "C", London (İngiltərə) və Qlaqzoda (Şotlandiya) "D", Bilbao (İspaniya) və Dublində (İrlandiya) "E", Münhen (Almaniya) və Budapeştdə (Macarıstan) isə "F" qrupunun oyunları təşkil olunacaq.
Qaydalara əsasən, final mərhələsinə yüksələcək ölkənin seçmə komandası Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı iki oyununu öz meydanında keçirəcək.
Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb Milli Stadionun inşasının ləngiməsidir. Əvəzində qrup oyunlarını Londondakı "Uembli" stadionu qəbul edəcək. Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.
Çempionat 2020-ci ilin iyun-iyul aylarında keçiriləcək. Hələlik dəqiq tarix müəyyənləşməyib.