Su gələn arxa bir də gələr
Biz azərbaycanlıların yarızarafat-yarıciddi işlətdiyi bir fikir var: "söndür-yandır, düzələcək". Görünür, "Qarabağ"ın da bu, bəsit olduğu qədər də effektiv çarəyə ehtiyacı var imiş. Uzun illər ölkə futbolunda lider statusunu qoruyan komandanın ötən mövsüm çempionluğu əldən verməsi, Avropa səhnəsində əvvəlki qüdrətindən uzaq duruma düşməsi dünənki uğursuzluğun başlanğıcı idi. Bu baxımdan "Tvente"yə məğlubiyyət lap yerinə düşdü də deyə bilərik.
“Zanbaqlar ölkəsi”ndən əldə bir dəstə sürprizlə gələn qonaqların son anda vurduğu zərbənin səsi həyəcan siqnalı idi. Dərhal yerindən qalxmağa, qarşıdan gələn daha böyük təhlükənin qarşısını almaq üçün hazır olmağa səsləyən siqnal…Bu “sovqat”dan imtina eləməyə dəyməz. Əksinə, deməli, işlər nəsə yolunda getmir, problemləri aradan qaldırmaq üçün zamana ehtiyac var.
Dünən Avropanın payızına aparan qatara bileti son anda rəqibə verən “köhlən atlar”ın ayağının büdrəməsi də bunun göstəricisi idi. Özündən sonraya nisgilli suallar boğçası saxlayan qatar getdi, amma ümidləri aparmadı. Hər şeyin bağlanğıcı olduğu kimi bir sonu da var. 12 illik zəfər yürüşünün üzücü sonluğu əlbəttə ki, oturub daha dərindən düşünməyə, yenidən toparlanmağa, səhvlərdən nəticə çıxarmağa və əvvəlki əzəmətini qaytarmaq üçün lazımı addımlar atmağa zəmin yaradır. Artıq, bunun üçün "köhlən atlar"ın yetərincə vaxtı olacaq. Çempionluq və ölkə kuboku uğrunda əsas rəqibin yarı gücunü ÇL-də qoyacağını nəzərə alsaq, "Qarabağ"ın daxili yarışlarda işinin daha rahat olacağını və hətta mövsümü "qızıl dubl"la başa vuracağını da proqnozlaşdırmaq olar. Şəxsi qənaətimə gəlincə, uzun fasilədən sonra diqqəti tam olaraq bir istiqamətə yönəldəcək komandanın növbəti Avrokubok mövsümünə çempion kimi qatılacağına qətiyyən şübhə eləmirəm. Həmin vaxtacan Qurban Qurbanovun hazırlayacağı komandanın hansı səviyyədə olacağını isə yəqin ki, təsəvvür edirsiniz... Söhbət revanş hissi ilə alışıb-yanan, daha istəkli və daha döyüşkən “Qarabağ”dan gedir.
Əminəm ki, “Qarabağ”ın Avropa səhnəsinə dönüşü tam başqa bir dönüş olacaq. Bəli, dünən bir döyüş uduzuldu. Savaş isə davam edir, missiya dəyişilməz olaraq qalır. Bu klub, bu komanda, bu mütəxəssis hansı xarakterə malik olduğunu illərdir davamlı uğurları ilə isbatlayıb. Uzun sözün qısası, bəzilərinin qapıldığı bədbinlik hissindən tezliklə yaxa qurtarıb ruhdan düşməmək, gələcəyə inamla baxmaq lazımdır. Necə deyərlər, bir şərim olsun, xeyiri də içində.
O ki, qaldı 12 illik uğurlu seriyanın qırılmasına...Çox da üzülməyə dəyməz. Bu dünyada əbədi nə var ki? Su isə gəldiyi arxa bir də gələr.
TURAL XUDİYEV