Köhnə hamam, köhnə tas...

Millinin Tacikistan seçməsi ilə oyunu elə də maraq doğurmurdu. Bu afişa hətta ürəyi futbolla döyünənlər tərəfindən də ən yaxşı halda xəfif təbəssümlə qarşılanmışdı. Münasibətləri düzəltməkdə çətinlik çəkən komanda rəsmi oyunlarda belə azarkeş xiffəti çəkir. Qaldı ki, yoldaşlıq oyunu ola. Özü də hansı rəqiblə…

Təsadüfi deyil ki, görüşü tribunadan cəmi 3 min azarkeş izləyirdi. Millətlər Liqasına hazırlıq xarakterli yoldaşlıq matçı üçün seçilən rəqibin kimliyi də təbii ki, bu məsələdə az rol oynamırdı. Əksər hallarda 3-cü ötürməsi ünvansız alınan, bəzi epizodlarda ayağı top tutmayan taciklərlə görüş, sadəcə millinin hazırkı vəziyyətinə ümumi baxış sarıdan əhəmiyyətli idi. Bundan baş məşqçi Ayxan Abbasov və düşərgəyə dəvət etdiyi futbolçular bəhrələnməli, rəsmi oyunlar ərəfəsində nəyə qadir olduqlarını üzə çıxarmalıydılar. Onların gözləntilərinin nə dərəcədə doğrulduğunu deyə bilmərik, biz isə yaxşı tərəfə heç bir dəyişiklik və irəliləyişin şahidi olmadıq. Necə deyərlər, köhnə hamam, köhnə tas…

Ümidlərimiz  Emin Mahmudovun futbol qapısı ilə reqbi dirəklərini səhv saldığı anda, ünvansız topun qanadlarında yenə də uzaqlara yol aldı. Nə vaxt geri dönəcəyini Allah bilir. Tacikistanla oyun Millətlər Liqasının sonuncu divizionuna yuvarlanmağımızın səbəbini bir daha ortaya qoydu. Yaxşı ki, Toral Bayramovun zərbəsindən sonra qapı tirindən qayıdan top Baklovun da köməkliyi ilə qapıdan keçdi və milli stadiona qələbə istəyi gələn azarkeşləri sevindirə bildi. Bu münasibətlə Ayxan Abbasov və komandasını təbrik edirik. Qələbə qazanıblar, haqqlarıdır, sevinməlidirlər. Futbolçuları bilmirəm, amma baş məşqçinin qayğılı görkəmi vəziyyətin onun da ürəyincə olmadığından, üzərinə götürdüyü məsuliyyətin ağırlığından əziyyət çəkməsindən xəbər verir. Onun durumunu anlamaq çətin deyil. Qarşıdan rəsmi oyunlar gəlir və D divizionunda da uğursuz çıxış heç kimə bağışlanmayacaq. İlk sınağa isə cəmi 3 gün qalır. Tərslikdən həmin qarşılaşma da dogma divarlardan kənarda olacaq. Millinin səfər oyunlarında hansı çətinliklərlə üzləşdiyini isə yaxşı bilirik. Baxmayaraq ki, rəqibin də hazırkı durumu bizim komandadan heç də fərqlənmir.

İstənilən halda, Kaunasdakı oyun millinin həqiqi siması ilə daha yaxından tanışlıq üçün əlverişli fürsət olacaq. Komandanın bu imtahandan necə çıxacağını yaxın günlərdə görəcəyik. Bizə isə Litva səfərində milliyə uğurlar arzulamaq qalır...

Tural Xudiyev

Tural Xudiyev