Nümunə

Dolu tribunalar fonunda oyun futbolun bəzəyidir. Bu iki anlayışın vəhdətindən doğan zövq isə hər bir futbolsevərin ruhunun qidasıdır. Təəssüf ki, “bizimkilərin süfrəsində belə təamlar yalnız bayramdan-bayrama olur”. Bu konteksdə bayram ifadəsi əsasən “Qarabağ”ın Avrokubok oyunları ilə assosiasiya olunur. Futbolun əsl dadını ekrandan duymağa məcbur azarkeşlərimizin tək güman yeri “köhlən atlar”ın qitə arenasındakı qarşılaşmalarıdır. Məhz həmin oyunlarda ölkə futbolunun məbədgahı sayılan respublika stadionunun tribunaları azarkeşlərlə dolur, “bizim küçədə də” əsl futbol abu-havası yaşanır.

        Təəssüf ki, yerli yarışlarda belə gözoxşayan mənzərə ilə nadir hallarda rastlaşırıq. Statistikaya nəzər salsaq, belə oyunların sayı bir əlin barmaqlarından artıq olmaz. Bu məsələdə futbolun populyarlığı amili qabarıq şəkildə özünü büruzə verir. Bəli, ümumi götürsək, futbol Azərbaycanda sevilən idman növlərindəndir. Bəs, onu daha yaxından sevdirmək məsuliyyətini daşıyanlar öz vəzifələrinin öhdəsindən gələ bilirlərmi? Sualın cavabı əksər oyunların boş tribunalar önündə keçirlməsində əksini tapır. Bu məsələdə klubların da məsuliyyət payı az deyil. Azarkeşləri tribunalara cəlb eləmək üçün səmərəli təkliflər irəli sürülsə, maraqlı addımlar atılsa, nəticə də özünü çox gözlətməyəcək. Aprelin 3-də ölkə kubokunun “Qarabağ” – “Sabah” matçı bunun bariz nümunəsi idi. “Qarabağ” klubunun xanım azarkeşlərə və 15 yaşınadək futbolsevərlərə tərəf atdığı bir addım mövsümün rekordu ilə qarşılandı. Hər iki zümrənin nümayəndələri üçün stadiona giriş pulsuz idi. Bu qədər sadə və gözəl təşəbbüs, son 10 ildə ilk dəfə olaraq tribunalara 21 000 azarkeş topladı.

       Təbii ki, “Qarabağ”ın bu jesti əsasən öz azarkeşlərinə ünvanlamaq haqqı olduğu halda, eyni çağırışı ayrı-seçkilik salmadan, oyunu izləmək istəyən bütün xanım və 15 yaşadək futbolsevərə etməsi alqışa layiq idi. Bundan əvvəl də oxşar addımlarda bulunan klub, böyük maraq doğuran oyun ərəfəsində növbəti dəfə futbolsevərlərə qucaq açmışdı. Qaydalara əsasən rəqib komanda üçün kvotaya uyğun ayrılan biletlərin hansı əsaslarla satılması isə meydan sahiblərinin məsuliyyətinə aid məsələ sayılmamalıdı

      Əlbəttə, yerli yarışlar üçün nadir hal hesab olunan 21 000 azarkeş sayı stadiona girişdə problem, kassalar qarşısında sıxlıq və başqa narazılıq doğuran məqamlar yarada bilər. Davamlı olacağı təqdirdə isə bu cür məsələlərin də tədricən aradan qalxacağı şübhə doğurmur. Əsas məqam hansısa klubun xoşməramlı addımdan doğan futbol sevgisinin qayğısına qalmasıdır. Təqdirəlayiq və gələcəkdə daha gözoxşayan məzərələrə yol aça biləcək təşəbbüsün digər klublara da nümunə olacağı ümidi ilə...

Tural Xudiyev

 

 

Tural Xudiyev