Millinin paradoksal durumu

Məğlubiyyətin adı da dadı kimi acıdır. Ən usta “aşbaz” belə onu sənə bəh-bəhlə təqdim etməkdə çətinlik çəkər. Necə deyərlər, adı da üstündə, dadı da. Amma bəzən istisnalar da olur. Elə idmanda da ara-sıra “qələbəyə bərabər məğlubiyyət” kimi paradoksal anlayışdan istifadə edilir. İstənilən ifadə uyğun zamanda, yerində işlədiləndə hədəfə daha tez çatır, qulağa yatımlı olur. Əks təqdirdə isə yersiz ifadə yükünü daşımağa məhkumdur.

Millinin Ukrayna seçməsi ilə oyunundan sonra da bu ifadə yenidən gündəmə gəldi. Təbii ki, Krakovdakı oyunla bu anlayışın nə qədər düz mütənasib olması fərqli baxış bucaqlarının görüntüsündən asılıdır. Azərbaycan millisi elə bir vəziyyətə salınıb ki, bu gün onun hətta abırlı məğlubiiyyəti də qələbəyə bərabər nəticə kimi təqdim olunmağa zəmin yaradıb. Reykyavikdəki biabırçılıqdan sonra Parisdəki 0-3, Krakovdakı 1-2 hesablı nəticəni hətta uğur kimi qəbul edənlərin, bunu sevinc hissi ilə qarşılayanların sayı az deyil. Haqlıdırlar, ya yox, bunu hər kəsin öz məntiqinin ixtiyarına buraxmaq lazımdır. Əlahəzrət fakt və onun rəqəmlərlə ifadəsi isə hazırkı reallığın acınacaqlı durumundan xəbər verir.

Ondan xəbər verir ki, son qələbəsini 2024-cü ilin 11 iyununda Qazaxıstanla yoldaşlıq görüşündə qazanan (3-2) bu komanda, azarkeşləri 14 oyundur qələbə üzünə həsrət qoyub. Bu miskin mənzərə isə uzun illər davam edən yanlış strategiyanın təzahürü olan utopik qərarların nəticəsidir. Məntiqi sonluq milliyə inamın, ən başlıcası ölkənin əsas komandasına sevgi hissinin dəfninə gətirib çıxarırdı. İslandiyadakı məlum hadisədən sonra atılan addım nə qədər gec olsa da bunun qarşısını aldı deyə bilərik.

Ümid edək ki, heç bir faydası olmayan əcnəbi məşqçi sevdasına son qoyulması, nəhayət sükanın yerli mütəxəssisə həvalə olunması közü öləziməkdə olan ocağı yenidən alışdıracaq, milli komandaya inam və sevgini geri qaytaracaq. Elə haqqında söhbət açdığımız  “qələbəyə bərabər məğlubiyyət” anlayışının gündəmə gəlməsi də bundan qaynaqlanır. Fernandu Santuşun rəhbərliyi ilə Reykyavikdə ayağı top tutmayanların Ayxan Abbasovla son iki oyunda göstərdiyi yüksək əzmkarlıq və mübarizə ruhu, paradoksal  ifadələrin təskinliyinə sığınmaqdan qurtulub, gələcəyə nikbin baxmağa, yaxın zamanda əsil qələbənin sevincini yaşayacağımıza inam yaradır. Yanılıb-yanılmadığımızı isə zaman göstərəcək.

TURAL XUDİYEV

Tural Xudiyev