Milli - azarkeş uçurumu dərinləşir

Milli komanda daim diqqət mərkəzində olub. Bu, yalnız bizdə deyil, yəqin ki, dünyanın ən ucqar ölkəsində də belədir. Məğzində qəliz nəsə axtarmağa da dəyməz, adı üzərində - Milli komanda!

Azərbaycan bu sarıdan istisna deyil, əksinə məsələnin lap episentrindədir desək yanılmarıq. 7-dən 77-yə futbol azarkeşi həmişə millinin oyunları ilə maraqlanıb, adəti üzrə sağalmaz yarası sızlayıb, dərdi təzələnib, dərindən bir köks ötürüb, uzun illər futbolun inkişafına bir cırıq top qədər töhvə verməyən AFFA-nın "əmvatına salavat zikr edib” və yenidən öz işinin dalınca gedib.

Dalınca gedib dedim, stadionların boş tribunaları yadıma düşdü. Onlar millinin son vaxtlardakı oyunlarında sanki doğmalarının qayğısına həsrət qalan fağır kimsəsizi xatırladır. Azarkeş küskünlüyünün, biganələyinin bariz nümunəsi, milli-azarkeş münasibətlərinin son həddi əks olunur bu yalqız tribunalarda. Hal bu ki, bu oturacaqlar vaxtilə məhz millinin oyunlarında öz funksiyasını layiqincə yerinə yetirdiyindən qürurla cırıldayar, hansısa əsəbin soyumasına vəsilə olub, fəxrlə yerdə sərələnərdi.... Gör, vəziyyətin nə yeridir ki, kəmhövsələ azarkeş təpiyinə də həsrət qalıb indi boş oturacaqlar. Bəli, futbol camiəsinin inamını itirən millinin, nə vaxtsa sığınıb isindiyi, ağır günlərində təsəlli tapdığı, hazırda isə tarixin lap uzağında mürgüləyən sevgi payını qaytaracağına ümid Latviya ilə oyunun hesabındakı sıfırlara bərabər hesab olunur. Nə qədər ağır olsa da, həqiqətin acı tablosu məhz bunu əks etdirir.

Hazırkı durumda azarkeşin ayağına gedib, xahiş-minnətlə tribunaya dəvət edilməli günlərdə isə onu daha da uzaqlaşdırıb Mərdəkandan əl eləyirlər. O stadiona ki, ora heç, ən fədakar azarkeş hətta “Qarabağ”ın Avrokubok oyunundan zövq almağa da həvəslə getməz, nəinki millinin Macarıstanla yoldaşlıq oyununda növbəti məğlubiyyətini izləməyə. Yeri gəlmişkən, həmin oyun haqqında yazıb, onsuz da dəyərli vaxtını aldığım oxucunun hövsələsini daha da daraltmaq niyyətindən uzağam. Yalnız bir cümlə ilə deyim ki, Santuşun komandamıza verdiyi növbəti “tuş” da futbolçuların sümüyünə düşmədi.

Qayıdaq əsas mövzumuza. Düzü, bir neçə gün əvvəl U21-in oyununu futbol şəhərlərindən sayılan Sumqayıta, əsas millinin oyununu isə sadə azarkeş üçün əlçatmaz dərəcədə uzaq sayılan Mərdəkana təyin etməyin hansı məntiqin məhsulu olduğu məndə sual doğurur. Bu qədər rəzalətin fonunda mərdliyini qoruyub, komandanı hələ də tək buraxmayan bir ovuc azarkeşi qovub Mərdəkandakı arenaya sıxışdırmağın nə anlamı var? Əminəm ki, milli Sumqayıtda daha isti qarşılanar, özünü bir qədər də inamlı hiss edərdi. Bunu yerli azarkeşlərin futbola olan münasibəti və stadionun, ən vacib amillərdən sayılan - əlçatan yerdə olması ilə izah etmək üçün “Tofiq Bəhramov” nümunəmiz var. Mərdəkandakı stadionun hətta ekrandan da qaramat yağan cansıxıcı abu-havası isə onsuz da biganə azarkeşləri daha da uzaqlaşdırır, yaranan uçurumu bir qədər də dərinləşdirir.

Hazırda guya ən yaxşı ot örtüyünün Mərdəkan stadionunda olması, Sumqayıtdakı arenada işıqlandırma sisteminin standardlara cavab verməməsi isə bəhanədən başqa bir anlama gəlmir məncə. Stadionun işığı zəif də ola bilər, bu çatışmazlığı aradan qaldırmaq da. Əsas, azarkeşin öz milli komandasına olan ümid işığıdır. O çırağın şöləsi lap öləziyib, cənablar. Onu sönməyə qoymayın...     

Tural Xudiyev

Tural Xudiyev