"Qarabağ": Fərəh mənbəyi, yoxsa, qınaq hədəfi?
“Sevgidən nifrətə bir addımdır” deyirlər. Yüz yaxşılıq elə, bir dəfə əl yetirməyəndə, fərəh mənbəyindən qınaq hədəfinə çevriləcəksən. Təəssüf ki, unutqanlıq minnətdarlıq hissini əksər hallarda üstələyir, həyat əsrlər boyu bu acı həqiqətlə yanaşı addımlayır. Görünür, imkanlarından artığını etmək, daha yaxşısına ümid yaratmaqdansa, potensialı balanslaşdırıb, istəklərə uyğunlaşdırmaq daha məqsədəuyğundur.
“Qarabağ”ın bu mövsüm Avropa səhnəsindəki çıxışı yenə də birmənalı qarşılanmır. Fikirlər haçalanıb, mülahizələr fərqli məcraya yönəlib. Azərbaycan çempionundan tələblər yenə də yüksələn xətt üzrə inkişaf edərək, pik nöqtəsinə çatıb. Səfərdə “Tottenhem”dən, evdə “Ayaks”dan, “Lion”dan qələbə tələb olunur, klubun strategiyasına, komandanın taktikasına dəyişiklik təklifi irəli sürülür. Hətta, büdcəsi yüz milyonlarla ölçülən rəqiblərə məğlubiyyət faciə səviyyəsinə qaldırılır, məhdud imkanlarla qrup mərhələlərinin daimi iştirakçısı olan komanda ələ salınır, qınaq hədəfinə çevrilir. Bu, “Qarabağ”ın əzəli rəqiblərinin fanatları tərəfindən ediləndə normal qəbul oluna bilər. Hər halda, sevimli komandasının prinsipial rəqibinin uğursuzluğu fanat düşüncəsi ilə bayram sevincinə bərabər sayılır. Amma futboldan anlayışı olmayanların, söz xatirinə söz demək xəstəliyindən əziyyət çəkənlərin mövzuya dəxlisiz müdaxilələri həmişəki kimi ürək bulandırır.
Adekvat düşüncə sahibləri təbii ki, istək və imkan amillərini nəzərə alaraq, məsələyə normal prizmadan yanaşır, Azərbaycan çempionunun futbolun “böyük beşlik” ölkələri təmsilçilərinə məğlubiyyətini faciə həddinə çatdırmırlar. Ən azından, “Qarabağ” istənilən rəqiblə qarşılaşmada döyüşkənliyi, əzmkarlığı, baxımlı oyunu ilə tribunalara toplaşanların haqqını verməyə çalışır. Alınıb-alınmamasının səbəbləri də, futboldan bir qədər anlayışı olanlar üçün sirr deyil.
Əksini düşünənləri də anlamağa çalışsaq, bu həddə onları məhz “Qarabağ”ın çatdırdığını söyləmək olar. Necə deyərlər, uman yerdən küsərlər. Axı, sən, niyə özündən güclü rəqiblərlə oyunlarda bacardığından artığını ortaya qoyurdun, məsələn, niyə Almaniya çempionu ilə başabaş mübarizə aparırdın ki, indi də hər məğlubiyyətə görə danlanasan?
Bu yerdə sarkazmın işə yaradığına ümid bəsləyirəm. Bu anlayışdan da bixəbərlərə isə, “su gələn arxa bir də gələr” demək istəyərdim, amma, heç su da arxdan kəsilməyib ki... Ümumiyyətlə, bəhrəsiz torpağı xatırladan Azərbaycan futbolunda cücərən ümidlər tək bu arxın suyundan qidalanmırmı? Gəlin, reallıq hissini itirməyək, dostlar. “Qarabağ” quruyub məhv olmağa məhkum futbolumuzu həyata bağlayan hələ ki, tək bağdır. O bağı da üzməyə çalışmayaq.
Tural Xudiyev