“Qarabağ” çempi10...
Uzun müddətdir ki, azarkeşlər üçün müəyyən qədər adiləşən xəbər başlığı: “Qarabağ” Azərbaycan çempionu oldu”... Müasir Azərbaycan futbolunun baş tacı olan “Qarabağ” yenə ölkənin bütün klublarını qabaqladı. Mövsüm başlayanda “görəsən “Qarabağ” yenə çempion olacaqmı” sualına pessimist azarkeşlər belə “hə” cavabı verərdi. Görünən odur ki, Ağdam təmsilçisi onları yanıltmadı.
Qurban Qurbanov amili bu mövsüm də öz sözünü dedi. Premyer Liqada 34 oyunda yalnız 1 məğlubiyyət “Qarabağ”ın fantastik bir mövsüm keçirməsinin göstəricisidir. “Səbail”lə oyundan (3:0) sonra təcrübəli mütəxəssisin “futbolçularım hər oyuna çempionluq matçı kimi çıxırdılar” ifadəsi elə məhz 10-cu çempionluğun sloqanıdır.
Qarşıda Azərbaycan çempionatında “Qarabağ”ı 2 formal xarakterli oyun gözləsə də, əsas məsələ Çempionlar Liqasıdır. Vaxtı ilə qitənin ən nüfuzlu klub turnirinin tükürpərdici himnini dəfələrlə Bakıda səsləndirən “Qarabağ” gəmisi sanki Xəzər dənizindən ucsuz bucaqsız okeana açılır. O okean ki, bütün Avropa ölkələrinin “akulaları” orada olacaq. Amma gəminin kapitanı Qurban Qurbanov avrokuboklarda çox “balıq ovlayacaq”. Bunu hazırkı “Qarabağ”ın səviyyəsi deməyə əsas verir...