"Qarabağ"layıcı

Azərbaycan dilinin qrammatik qaydalarına əsasən, "və" bağlayıcısı ilə cümlə başlamaq, hansısa mətləbə giriş vermək məqbul sayılmır. Halbuki, əsas durğu işarələrindən sayılan "vergül"ü istəyindən asılı olmayaraq, "sinəsini irəli verib" əvəzləyən "və" ilə, bir və ya bir neçə sözü, adı bir mənaya sığışdırmaq, vəhdət yaratmağa cəhd eləmək olar. Həmin qaydalara əsasən, "amma" bağlayıcısından sonra da vergül qoymamaq məsləhət görülür. Amma ümumən riayət olunan, əksər hallarda qarşını kəsən və yersiz olduğunu dərk etdiyin qaydaların əslində pozmaq üçün olduğunu anlayıb, bütün sual doğuran vergülləri kənara itələyib nöqtə qoymaq, məqsədə aparan yolda qəti, həlledici addım atmaq tələb olunur.

Bir qədər qəliz oldu eləmi?... Fikir verməyin, əsas fikir irəlidədir, yola davam!

Və bitdi! Qınamayın, qaydaları pozan biri var sadəcə... Düz 12 ildir ki, qəlibə sığmır, işi qəlizləşdirir, irəli can atır və bundan yorulmur, əksinə, hamıdan fərqli, bundan zövq almaqla yad olan zövq formalaşdırır, axına qarşı gedir, bununla kimlərinsə qara niyyətli hamar yoluna daş itələyir, büdrədir, "rahat yapılan çörəyinə bais olur", keyfinə soğan doğrayır, bir sözlə, sanki, kiminsə məclisində gözlənilmədən peyda olan yeni qonaq kimi gəlir, təklif olunan yerdə sakitcə oturur, müşahidə edir, ümumi abu-havaya uyğunlaşmır və öz həqiqətini ortaya qoymaq istəyəndə bunun mənasız olduğunu, yekunda mühitin onu sıxacağını anlayır və uzaqlaşır. O qədər uzaqlaşır ki, əvvəlində, ilk tanışlıqda doğma sandıqları üçün yadlaşır və tədricən ipə-sapa yatmır və əlçatmaz olur.

Vaxt ötdükcə, arada yaranan uçurum dərinləşdikcə, geriyə yox, irəliyə baxır, elə heey hamıdan uzaqlaşır. Özü də hiss etmədən, zərurətin tələbi ilə başqa, daha ali məclislərə düşəndə doğmalarını xatırlayır, tək qaldığını dərk etdikcə, qəribliyin sərt üzunü gördükcə, sınmır, əksinə, daha təpərli olur, özünü təsdiqləyir və getdikcə yadlar içində doğmalaşır. Artıq o mühitin bir hissəsi olduğunu dərk edir, geriyə yol olmadığını, irəli tək addımlamağın qaçılmaz olduğunu anlayır və doğmalar içində yada, yadlar içində doğmaya çevrilir... Və bunun artıq qırılmaz bir bağ olduğu həqiqətini həm özü, həm də digərləri üçün təsdiqləmiş olur. Qaydaları pozan bir qrammatik bağ... "Qarabağ"...

Yenə də tək qaldı illər əvvəl atıldığı çətin yolda. Yenə də həmin bağ qırıldı. Bu dəfə Arazdan Xəzər sahilinə - Zirəyə, Zirədən isə sabaha olan ümid bağı... 

Tural Xudiyev

Tural Xudiyev