Səssiz bir zəngin həsrəti və ya ruhu yerindən oynadan oyun haqqında
Bu yazı "Qarabağ"ın dünyasını dəyişən azarkeşlərinə həsr olunur...
- Salam, qadan alım, ay Tural...
Hənirti kəsilir... O tərəfdən gələn titrək hönkürtünün bitməsini gözləmək qədər uzun bir yolun sonuna sığınmaq istəyirəm... Burada artıq fizika qanunları işləmir, bu ayrıcsız yolun sonu tərsdir, əvvələ aparır.. Qulağımdan dırnağıma kimi həzin bir yel əsdirən, bütün cismimə sirayət edən doğma səsə təslim oluram... Qəhəri boğub, o tərəfdən gələn hənirtinin tilsiminə düşürəm yenə...
- Salam, Aydın dayı.
Hövlnak ayılıram, hətta diksinirəm. Bu, nə idi belə?...
Telefonun yaddaşında o nömrəni tapıb, zəng eləmək, ötən günlərdə olduğu kimi sevincimi bölüşmək, saçından dırnağına kimi qarabağlı bir doğma, doğma olduğu qədər də uzaq, ünyetməz bir səs eşitmək istəyirəm: "O nə oyun idi, o nə qol idi, a bala? O dərman torbasını görürsən haa, hamısı boş şeydi o qolun yanında! Ömrümü bir il də uzatdı "Qarabağ"! O, uşaqlara de ki, məni ölməyə qoymasınlar hələ, belə oynasınlar həmişə..."
Ağdam həsrətli ömrünü "Qarabağ"la uzadan ağdamlı Aydın dayının son sözlərindən, vəsiyyətlərindən idi bu xatirə...
Bu gün yenə gözüm telefonda, qulağım səsdə idi. Aydın dayıdan zəng gözləyirdim oyun bitən kimi. Yenə elə bilirdim ki, ilk zəngi o vuracaq, titrək səsiylə sevincini bölüşəcək, qəhərlənib ötən günləri xatırlayacaq, növbəti rəqibin kim olduğunu soruşub, özünəməxsus təmkinlə "narahat olma, hər şey yaxşı olacaq" deyəcək...
Bu gün yenə eşitdim o nisgilli səsi. Ruhu Ağdamda, "İmarət"də dolaşan əsil qarabağlının artıq, rahat, sabaha daha ümidlə uzanan ötkəm səsini. Təbrik elədi, yenə də "narahat olma, hər şey yaxşı olacaq" dedi...
Ruhun şad olsun, Aydın dayı! Sevimli "Qarabağ"ın yenə Qarabağı dünyaya tanıdır. Artıq, adını həmişə nisgillə çəkdiyin deyil, azad Qarabağı!
"P.S." Görəsən, ötən gecə neçə nəfər səssiz zəngin həsrətini çəkdi?
Tural Xudiyev