AVRO-2020-yə həsr olunmuş İntellektual Kubokun qalibi bilindi

“Bulvar Hotel”də AVRO-2020-yə həsr olunmuş İntellektual Kubok təşkil olunub.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iştirak üçün müraciət etmiş 158 komanda arasından ilk 40 komanda tunirdə öz biliyini göstərmək şansı qazanıb.

Tədbiri AVRO-2020-nin Bakı üzrə Yerli Əməliyyat qrupunun Layihə koordinatoru Kamran Vəliyev açıq elan edib. Ardından çempionatın maskotu "skillzi"nin futbolçu Nuqzar Kvirtiya ilə birgə çıxışı olub. Oyun isə hər birində 12 sual olan 5 turdan, ümumilikdə 60 sualdan ibarət olub. 

 

 

Turnirə qatılan iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlərlə bağlı sualları düzgün cavablandırmağa çalışıblar. Avropa çempionatı ilə bağlı mövzunun açılış sualını isə veteran futbolçu, AVRO-2020-nin ev sahibi şəhərlərindən olan Bakının səfiri Vəli Qasımov səsləndirib.İntellektual yarışın aparıcısı tanınmış televiziya və radio aparıcısı Fateh olub.

 

 

“Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında təşkil olunan tədbir gərgin mübarizə şəraitində keçib. Turnirin çempionu - “Vendetta” komandasına 1200 manat, ikinci yerin sahibi “Lister”ə 900 manat, üçüncü yerdə qərarlaşmış “Diplomat”a isə 600 manat mükafat təqdim olunub. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək AVRO-2020 oyunlarından birinə biletlər hədiyyə edilib.