AVRO-2024: Niderlandla İngiltərənin fərqi
Bu gün futbol üzrə Avropa çempionatında ikinci final matçı keçiriləcək.
Sportline.az xəbər verir ki, məsələyə Dortmundda aydınlıq gətiriləcək.
Yarımfinalın ikinci matçında fərqli oyun sərgiləyən rəqiblər üz-üzə gələcəklər. Bir tərəfdə baxımlı hücum futbolu ənənəsinə sadiq qalan Niderland, digər tərəfdə isə sönük, müdafiəyəmeylli oyunu ilə həm azarkeşlərin, həm də medianın tənqid yağışında islanan İngiltərə millisi. Bununla belə qarşılaşma böyük maraqla gözlənilir. Rəqiblərin bu mərhələyədək keçdiyi yolu xatırlasaq, Sloveniya, Danimarka və Sebiyanın olduğu qrupu 5 xalla zirvədə tamamlayan Sautqeytin komandası 1/8 finalda Slovakiya səddini çətinliklə adladı. İsveçrə ilə ¼ final matçı da eyni qəbildən idi. Britaniyalıların bu qarşılaşmada penalti seriyasında bəxti gətirdi.
Yarışın ən təqdirəlayiq komandalarından olan Niderland millisi üçün yarımfinal səddidini keçmək heç də asan olmayacaq. Narıncılar müdafiəyə çəkilən rəqiblərlə görüşdə öz oyununu tətbiq eləməkdə çətinlik çəkirlər. Bununla belə Niderland inamlı çıxışı ilə bu mərhələyə nahaq yerə yüksəlmədiyini sübut edib. Fransa, Polşa və Avstiyanın yer aldığı qrupu 4 xalla 3-cü pillədə tamamlayan narıncılar 1/8 finalda Rumıniya ilə görüşdən inamlı qələbə ilə ayrılıblar – 3:0. ¼ finalda isə Türkiyə millisi ilə gərgin qarşılaşmada 2-1 hesabı ilə qalib gələn Kumanın komandası indi finalın bir addımlığındadır.
Qeyd edək ki, Niderland – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.