Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi portuqaliyalı Migel Kastilyu olacaq.

Qrupun digər oyununda Gürcüstan Bosniya və Herseqovina yığması ilə münasibətlərininə aydınlıq gətirəcək. İki debütant arasındakı qarşılaşmadan qonşu ölkə komandası qalib ayrılsa, 1/4 finala vəsiqə şansları baxımından, Azərbaycan millisinin İspaniyaya uduzmaması belə, yetərli olmaya bilər.

İlk turda Joze Alesionun komandası Gürcüstana 2:3 hesabı ilə uduzub. Pireneylilər isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

Avropa çempionatı

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. Həmin gün həm də İspaniya ilə Gürcüstan yığmaları üz-üzə gələcək.