Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı tədbir keçirilib

Paytaxtımızın ev sahibliyi edəcəyi Avropa Gənclər Olimpiya Festivalına dəstək məqsədi ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” layihəsi üzrə silsilə tədbirlər həyata keçirilir.

Sportline.az xəbər verir ki, Rövşən Nəsirov adına 111 saylı  tam orta məktəbdəki görüş Bolqarıstan mədəniyyəti və idmanına həsr olunub. 

Tədbirdə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, veteranlar arasında dünya və Avropa çempionu Həsən Hüseynov, gənc cüdoçulardan ibarət Azərbaycan seçmə komandasının baş məşqçisi, 5 qat Avropa çempionu Elçin İsmayılov, Milli Olimpiya Komitəsinin əməkdaşı Ceyhun Rəhmanov iştirak edib.

Tədbirdə çıxış edənlər Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalından danışıblar. Bildirilib ki, Olimpiya Mədəniyyəti və Təhsil Proqramının keçirilməsi festivalın həm Azərbaycan məktəblilərinin, həm də Avropa gənclərinin arasında təbliğində böyük rol oynayır.

Proqram çərçivəsində Bakı şəhərindən seçilmiş 49 məktəb Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək bir Avropa ölkəsini təmsil edir.