Azərbaycan çempionatında legioner limiti

Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub.

İlk qərara əsasən, Yüksək Liqada legioner futzalçılarla bağlı limit tətbiq ediləcək. Komandaların sifariş vərəqəsinə maksimum 7 (ümumi oyunçuların sayı 20), oyunun protokoluna isə maksimum 5 (ümumilikdə 14 oyunçu) legioner futzalçı daxil ediləcək. Görüşün protokoluna 1 nəfər 2000-ci il təvəllüdlü futzalçının adı daxil ediləcək.

Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 2019-20 mövsümünün əsasnaməsi təsdiqlənib.

Yeni mövsüm üzrə liqaların təşkili ilə bağlı da qərar verilib. Buna əsasən, Yüksək Liqaya sentyabrın 6-da, Birinci Liqaya 6-da və 7-də, İkinci Liqaya isə 8-də start veriləcək.

“Transfer pəncərəsi” sentyabrın 19-da, saat 18:00-da bağlanacaq.

Bütün liqaların oyunları Bakı İdman Sarayında və Olimpik Starda keciriləcək.

U-19 (2002/03-cü il təvəllüdlü) milli komandanın yaradılması və Birinci Liqada iştirakı da qərara alınıb.

Bundan əlavə, 2019-20 mövsümünün büdcəsi təsdiqlənib.