Azərbaycan çempionu NBA-da oynayacaq

Azərbaycanda yeni basketbol liqası yaradılıb.

Sportline.az "Report"a istinadən xəbər verir ki, 12-14 yaş qrupunu (oğlanlar və qızlar) əhatə edən Jr.NBA Azərbaycan Liqasının açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransı təşkil olunub.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, dünyada ən tanınmış, milyonlarla azarkeş cəlb olunan NBA Liqası Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Nazir bunu Azərbaycan idmanı üçün önəmli hadisə kimi dəyərləndirib: "Artıq bu yarışma Azərbaycandadır. Bu, bizi çox sevindirir. Bu ad altında bizim də oğlan və qızlarımız çıxış edəcəklər. Digər idman növlərində uğurlar əldə etmişik. Buna sübut kimi olimpiya medallarını göstərmək olar. Biz də yığmalarımızın komanda oyunlarında yüksək səviyyədə çıxış etməsini istərdik. Bu gün Azərbaycanda mövcud olan maddi texniki baza da buna imkan verir. Bu mənada bütün ölkədə olan bütün idman komplekslərin qapıları basketbola açıq olacaq. Gələcəkdəki fəaliyyəti üçün Aəzrbaycan Basketbol Federasiyasına uğurlar arzulayıram".

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə futbol, atletika, tennis və basketbol kimi dünyaca məşhur idman növlərinin Azərbaycanda da inkişafının vacibliyinə diqqət çəkib: "İndi bizim də əlimizə yaxşı imkan düşüb. Çalışacağıq ki, ölkəmizdə ən azı 30 yaxşı basketbolçu yetişsin. Milli Olimpiya Komitəsi də bu layihəni həyata keçirmək üçün dəstək olacaq. Ümid edirəm ki, çox yaxın zamanda bu layihənin nəticələrini görəcəyik".

 

 

Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov isə bildirib ki, Jr.MBA liqasına seçim Azərbaycan birinciliklərinə qatılan məktəblərdən başlayacaq. Orada ən güclülər müəyyənləşəcək və yarışda iştirak hüququ qazanacaqlar: "3 il əvvəl Gürcüstanda bu liqa yarananda cəmi 37 komanda var idi. Bu gün isə say 300-ə çatır. Azərbaycanda da belə olacağına hər birimiz inanırıq. Proqramın fəlsəfəsinə əsasən, ilk ildə oğlan və qız komandaları ayrı da, hər ikisi eyni kollektivdə də ola bilər. 

N. Nəsibov liqanın finalında məşhur basketbolçunun Azərbaycana dəvət ediləcəyini və MBA üzüyünü də məhz onun yeniyetmələrin barmağına taxacağını qeyd edib. O, maliyyə məsələlərində Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin hər zaman dəstək olduqlarını xatırladıb: "Yarış təşkilatçıları da bu dəfə bəzi köməklikləri edəcəklərinə söz veriblər. Layihənin qalibi Avropa və dünya çempionatlarında Azərbaycanı təmsil edə bilər. Bu layihə ilkin olaraq, 4 il davam edəcək".

 

 

Tədbirin fəxri qonağı - NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual gördüklərinə valeh olduğunu deyərək, basketbolu uşaqları ilhamlandırmaq üçün güclü alət adlandırıb. O, səfərdə məqsədin bu idman növünü inkişaf etdirməkdən ibarət olduğunu söyləyib: "Bu liqa NBA liqasının təqlidini nəzərdə tutur. Əsas məqsəd basketbol oyunlarına aşılanan münasibətdir. İstərdik ki, uşaqlar bir-biri ilə sağlam rəqabət aparsınlar. Onların vaxtında istirahət etmələrinə, yarışmalarına və sağlam həyat keçirmələrinə çalışacağıq. Artıq Azərbaycanda layihənin təməlini qoymuşuq. Gələcəkdə daha yüksək səviyyədə layihələr həyata keçirməyi planlaşdırırıq. Bu il oğlanlar və qızlar qarışıq komandalarda oynayacaqlar. Gələn ildən isə ola bilsin, qızlar və oğlanlar ayrı-ayrı komandalarda çıxış etsinlər. Bu, təbii ki, Azərbaycan Basketbol Federasiyasının qərarından asılı olacaq".

 

 

Qeyd edək ki, belə bir qlobal layihənin əsas məqsədi yeniyetmələrin basketbola cəlb edilməsini daha peşəkar səviyyəyə çatdırılmasıdır. Layihə çərçivəsində 75 ölkədə 51,5 milyondan çox yeniyetmə liqa oyunları, məktəbdaxili planlaşdırma, seminarlar, bacarıq müsabiqələri və digər təbliğat xarakterli tədbirlər həyata keçirilir. Jr.NBA Azərbaycan Liqası ölkə üzrə məktəb şagirdlərinin bu liqada iştirak edən oğlan və qızlardan təşkil edilmiş komandalar, NBA- da çıxış edən 30 komandanı təmsil edərək, NBA klublarının adlarını daşıyacaq və həmin klubların formasında çıxış edəcəklər. Onlar 2 konfrans və 2 divizionda mübarizə aparacaqlar.