Azərbaycan millisi Macarıstana qarşı

Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə Macarıstanla qarşılaşacaq. C Liqasının 3-cü qrupunun matçı Felksutdakı “Panço Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. 

Bu qrupun digər oyununda isə Andorra Şimali Makedoniyanın qonağı olacaq (Bakı vaxtı ilə saat 18:00).

Azərbaycan millisi qalib gələcəyi halda digər oyunun nəticəsindən asılı olmayaraq, qrupda vahid liderliyi qoruyacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.

7 mart

17:30. Macarıstan - Azərbaycan 

Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır)

“Panço Arena”

18:00. Şimali Makedoniya - Andorra