"Azərbaycan millisinə “Barselona”nın göstərdiyi futbolu oynada bilməzsiniz"
“Azərbaycan millisini çalışdırdığıma görə təəssüflənmirəm. Orada əla üç il keçirdim. Bunu həyatımın ən xoş anları kimi xatırlayacağam”.
SportLine.az xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində millimizdən ayrılmasının səbəblərindən danışıb:
“Heç bir problem yox idi. Əla şərait var idi və gözəl şəhərdə yaşayırdım. Sadəcə, bu komanda ilə daha irəli gedə bilməyəcəyimi gördüm. Heç vaxt asan iş görüb, pul qazanmaq haqda düşünməmişəm”.
R.Prosineçki millimizin onun tələb etdiyi futbolu oynaya bilmədiyini qeyd edib:“Təbii ki, Azərbaycan millisinə “Barselona”nın göstərdiyi futbolu oynada bilməzsiniz. Elə incə məqamlar var ki, bunu heç kim edə bilməz. Mən həmişə komandamın arzuladığım səviyyədə oynamasını istəyirəm. Bunu etmək üçün keyfiyyətli, istədiyimi yerinə yetirə bilən futbolçular lazımdır. Məhz buna görə yüksək səviyyəli komandaya getmək istəyirəm. Azərbaycanda futbolla bağlı vəziyyəti dəyişmək mümkün deyil”.