Azərbaycan millisinin baş məşqçisi: “Doğma meydança amilindən istifadə etmək istəyirik”
“Doğma meydança amilindən istifadə etmək istəyirik”.
Sportline.az xəbər verir ki, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçiriləcək oyunla bağlı danışarkən deyib.
Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verən 41 yaşlı mütəxəssis heyətlə bağlı problem yaşamadıqlarını bildirib: “Toplanışa oktyabrın 2-də başlasaq da, məşq dünəndən tam heyətlə keçirilir. Ölkə xaricində çıxış edən legionerlərimizin gəlişindən sonra əsasən taktiki planda çalışmalara yer ayırmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız bu oyunu gözləyirik. Sevindirici məqam odur ki, komandada zədəli və cəzalı futzalçı yoxdur”.
V.Borisov rəqib barədə də müsbət fikirlər səsləndirib: “Qazaxıstan yığması çox təcrübəli futzalçılardan qurulub. Onlar da dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələsində iştirak ediblər. Fərdi bacarığına görə seçilən futzalçıları var. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Bizi maraqlı qarşılaşma gözləyir. Bizə evdə oynadığımızı hiss etdirəcək qüvvə azarkeşlərimizdir. Onları tribunaya səsləyirik. Gəlsinlər, dəstəkləsinlər, oyunçularımız da onlardan güc alsınlar”.
Baş məşqçi heyətdə edilən dəyişiklikdən də söz açıb: “Kollektivə iki yeni futzalçı qoşulub. Qabriel Bastos illər əvvəl komandamızda oynayıb, təcrübəli futzalçıdır. Murad Quluzadə isə “Baku Fire”in üzvüdür. Çempionat oyunlarında xoş təsir bağışladı. Buna görə də milliyə dəvət etdik. Hər ikisinin ümidlərimizi doğruldacağına inanırıq”.
Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Qazaxıstan qarşılaşması saat 20:00-da başlayacaq.