Azərbaycan millisinin baş məşqçisi: "Malta ilə danışıq apardığımız bir vaxtda Rusiya yığmasından təklif gəldi"
"Malta ilə danışıq apardığımız bir vaxtda Rusiya yığmasından təklif gəldi və sonda onlarla oynamağa razılaşdıq".
Sportline.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Rusiya millisi ilə keçirəcəkləri yoxlama matçları ilə bağlı danışarkən deyib.
Mütəxəssis Rusiya ilə razılaşmamışdan əvvəl Malta millisi ilə də danışıqlar aparıldığını bildirib:
“Rusiya ilə danışıqlar gedirdi. Əslində, iki variant var idi - biri Rusiya, digəri Malta yığması ilə oynamaq. Malta ilə danışıq apardığımız bir vaxtda Rusiya yığmasından təklif gəldi və sonda onlarla oynamağa razılaşdıq. Düzdür, komandanın beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Buna baxmayaraq, bilirsiniz ki, çox güclü rəqibdir. İstədim ki, fevralda başlayacaq Avropa çempionatından əvvəl belə bir rəqiblə oynayıb, zəif və ya güclü tərəflərimizi görək”.
O, Rusiyanın çox güclü rəqib olduğunu vurğulayıb:
“Onlar qadağalara görə əsasən Türkiyədə və başqa ölkələrdə oynayırlar. Səviyyə baxımından çox yaxşıdırlar. Bilirsiniz ki, millimizin üzvlərinin bəziləri də Rusiya klublarında çıxış edirlər. Bu səbəbdən çempionatı izləyirik. Onların çempionatının səviyyəsi çox yüksəlib. FIFA və UEFA qadağa qoymasaydı, builki Millətlər Liqasında A Liqasına vəsiqə qazana bilərdilər”.
Baş məşqçi Rusiya ilə daha iki matçın Bakıda keçirilməsinin planlaşdırıldığını söyləyib:
“Belə qərara gəldik ki, bu dəfə hər iki oyun Rusiyada keçirilsin, növbəti “pəncərə"də isə onlar Bakıya gəlsinlər. Növbəti matçların tarixi dəqiq bilinmir. Çünki biz ancaq müəyyən vaxtlarda yoldaşlıq görüşləri keçirə bilirik”.
S.Əsgərov heyətlə bağlı ciddi problemlər olmadığını deyib:
“Yalnız “Qalatasaray”da oynayan Nazlıcan Parlakın zədəsi ilə bağlı narahatlığımız var. Həkimlər onun zədəsini dəyərləndirirlər. Onu Rusiyaya aparıb-aparmayacağımız yaxın günlərdə bəlli olacaq. Qalan futbolçularla bağlı problem yoxdur. Ümidvaram ki, tam heyətlə Rusiyadakı matçlarda iştirak edəcəyik”.
Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət millisi noyabrın 28-də "Fişt" stadionunda və dekabrın 2-də "Soçi" klubunun məşq bazasında Rusiya millisi ilə yoldaşlıq görüşləri keçirəcək.