Azərbaycan millisinin toplanışı kütləvi xəstəliyə görə ləğv olunub

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin bu gün başlamalı olan təlim-məşq toplanışı ləğv edilib.

Sportline.az xəbər verir ki, buna əksər oyunçuların səhhətlərində problem aşkarlanması səbəb olub.

Federasiya rəsmisi bildirib ki, futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil: "Amma aralarında qızdırması olan, soyuqlayan, halsızlıq hiss edənlər var. Toplanış olsaydı AFFA-da test verəcəkdilər. Hazırlıq prosesi baş tutmadığından, onlardan analiz götürülməyib".

U-19 gələn ay Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. 7-ci qrupda yer alan Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv martın 16-da Belarus, martın 17-də Xorvatiya və martın 19-da Latviya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq.

Yığmanın oyunlarının təqvimi

16 mart

19:00. Belarus – Azərbaycan

17 mart

22:00. Xorvatiya – Azərbaycan

19 mart

19:00. Azərbaycan – Latviya

Qeyd edək ki, hər 3 qarşılaşma Karlovats şəhərindəki "Mladost Arena"da keçiriləcək.