Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına başlanılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Bakıda keçiriləcək Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına başlayıb.

Qurumun Mətbuat Xidmətindən Sportline.az-a verilən məlumata görə, könüllülər proqramına müraciət üçün 16 yaşdan yuxarı ingilis dilini əla bilən (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olan şəxslər müraciət edə bilər.

Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçməlidirlər.

Qroqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan, seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

Bir qayda olaraq, əməliyyat şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Burada əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı, onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.