Azərbaycanın beynəlxalq dərəcəli hakimi gözlənilmədən vəfat etdi

Azərbaycanın ağırlıqqaldırma idman növü üzrə beynəlxalq dərəcəli hakimi Qadir Babayev vəfat edib.

Sportline.az Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəsmi saytına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis bu gün gözlənilmədən dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Qadir Babayev SSRİ idman ustası, ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısı və qalibi olub. İdman sahəsində göstərdiyi nailiyyətlərə görə ona Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” və “Əməkdar məşqçi” adları verilib.

AAAF Hakimlər Kollegiyasının üzvü olmuş Babayev Azərbaycanda idmanın inkişaf etdirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Olimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif olunub.