Azərbaycanın media komandası Avropa Kubokunun qalibi olub
Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlər arasında minifutbol üzrə “Avropa Media Kuboku” turniri keçirilib.
Sportline.az xəbər verir ki, yarışda 8 ölkənin - Azərbaycan, Moldova, Rumıniya, Macarıstan, İsrail, Gürcüstan, Latviya və Ermənistanı təmsil edən media komandaları mübarizə aparıblar.
Yarışın əsas məqsədi müxtəlif ölkələrin jurnalistləri arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və idmanın təbliği olub.
Reqlamentə əsasən, yaşı qırxdan yuxarı üç veteran futbolçunun iştirakına icazə verildiyi turnirdə Azərbaycan komandası uğurlu çıxışı ilə diqqət çəkib. A qrupunda yer alan komandamız keçirdiyi oyunlarda inamlı təsir bağışlayaraq qrup lideri kimi yarımfinal mərhələsinə yüksəlib.
Yarımfinalda Azərbaycanın media komandası İsrail təmsilçisi ilə qarşılaşıb. Bol qollu qarşılaşmada rəqibini 6:4 hesabı ilə məğlub edən Azərbaycan komandası həlledici görüşdə ev sahibi Moldova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan təmsilçisi 3:1 hesabı ilə qalib gələrək “Avropa Media Kuboku”nun qalibi olub. Bu, komandamızın son üç ildə qazandığı 2-ci çempionluğudur.
Turnirin sonunda qaliblərə kubok və medallar təqdim olunub, iştirakçılar xatirə şəkilləri çəkdiriblər.
Turnirdə komandamıza AFFA, “YaaRa Tekstil” və Azfar Group” dəstək olub. Ölkənin yeni brendi olan “YaaRa Tekstil” komandanın geyim təhcizatını həyata keçirib.







