Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında mübarizəyə başlayır
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Sportline.az xəbər verir ki, Nürəddin Novruzov (61 kq) 1/8 finalda Cude Hammer (Quatemala) - Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvaminin müqavimətini qırmağa çalışacaq. Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistandan olan Arman Avakyanla, Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniya təmsilçisi Redjep Haydari ilə qarşılaşacaq.
Bundan əlavə, qadın güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar. Alyona Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Dünya çempionatı dekabrın 31-də başa çatacaq.