Azərbaycanın voleybol millisi Türkiyəyə yollanıb
Avropa çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirən 22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisi Bakıdakı təlim-məşq toplanışını başa vuraraq, Türkiyənin paytaxtı Ankaraya yola düşüb.
Federasiyanın Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, yığma qonşu ölkədə yoxlama oyununda qüvvəsini sınayacaq.
Eldar Əliyevin baş məşqçi olduğu komanda türkiyəli həmyaşıdları ilə üz-üzə gələcək.
Komanda Avropa çempionatının II təsnifat mərhələsi üçün Kosovoya mayın 19-da Türkiyədən yollanacaq.
Heyətdə Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Ferhat Jenkel, Mais Verdizadə, Roman Qurski, Mərdan Məmmədov, Aslan Həmidov, Yusif Bünyatov, Emil Aşumov, Emin Əmirxanlı, Amirmehdi Ablou və Kənan Həsənli yer alıb.
Qeyd edək ki, E qrupunda yer alan yığma mayın 20-də Kosovo, mayın 21-də Niderland, mayın 22-də Slovakiya ilə qarşılaşacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.