Bakı-2016: Şahmat Olimpiadasına söz ardı

Sentyabrın 1-dən 14-dək şahmat həvəskarlarının diqqəti Bakıya yönəlmişdi. Dünyanın ən güclü qrossmeysterləri, eləcə də, bu idman növünün perspektivli nümayəndələri Ümumdünya Şahmat Olimpiadasında bacarıqlarını göstərirdilər.

Bakı Olimpiadası yarışın tarixində bir çox özəllikləri ilə iz qoyacaq. Xüsusilə, kütləvilik baxımından əvvəlkiləri xeyli geridə qoyan yarışda 175 ölkədən 180 kişi və 141 qadın komandası qələbə uğrunda mübarizə apardı.

Olimpiadanın favoritləri sırasında adı çəkilən ABŞ, Ukrayna və Rusiya komandaları onlara bəslənən etimadı doğrultdu. İlk “üçlük”də məhz bu komandalar qərarlaşdı.

Azərbaycan ev sahibi kimi Olimpiadaya ən geniş heyətlə qatılan ölkə idi. Həm kişilərin, həm qadınların yarışında ölkəmiz üç komanda ilə təmsil olunurdu. Təbii ki, ən güclü şahmatçılarımızın yer aldığı əsas komandalardan daha yaxşı nəticə gözlənilirdi. Bu sözləri, xüsusilə, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Rauf Məmmədov və Arkadi Naydiçdən ibarət komandamıza aid etmək olardı. Kişilərdən ibarət əsas seçməmiz, hətta yarışın favoritləri sırasında da yer alırdı. Startda inamlı təsir bağışlayan qrossmeysterlərimiz ardıcıl qələbələrlə bu inamı bir qədər də artırdılar. Amma, təəssüf ki, ardı gəlmədi. Bəzi oyunlarda gözlənilməz məğlubiyyətlər komandamızın mükafatlara olan iddiasının üstündən xətt çəkdi. Yekunda Azərbaycanın kişilərdən ibarət əsas seçməsi Olimpiadanı 12-ci pillədə başa vurdu. Bəs bu nəticəni nə ilə əlaqələndirmək olar? Böyük ümidlərlə mötəbər yarışa qatılan qrossmeysterlərimiz hansı səbəbdən imkanlarından aşağı çıxış etdilər?

Təcrübəli şahmat mütəxəssisi, qadınlardan ibarət komandanın kapitanı  Fikrət Sideyifzadənin qənaətincə federasiya tərəfindən yaradılan yüksək şəraitə rəğmən kişi qrossmeysterlərimizin çıxışı qeyri-kafi alınıb:  “Kişilərdən ibarət əsas komandanın qarşısına mükafatçılar sırasına düşmək vəzifəsi qoyulmuşdu. Onlar Olimpiadaya 4-cü nömrə ilə qatılmışdılar və imkanları kifayət qədər yüksək qiymətləndirilirdi. Təəssüf ki, şahmatçılarımız imkanlarından aşağı səviyyədə çıxış etdilər. Nəticədə, nəinki mükafatçılar sırasına düşə bildilər, hətta ilk “onluq”dan da kənar qaldılar. Şəhriyar Məmmədyarov birinci taxtada yaxşı çıxış etdi. Eltac Səfərli və Rauf Məmmədovun da çıxışını qənaət-bəxş hesab etmək olar. Komandanın uğursuz nəticəsində Teymur Rəcəbov və Arkadi Naydiçin zəif çıxışını əsas səbəb kimi göstərə bilərik”.

Qadın şahmatçılarımızın çıxışı da maraqla gözlənilirdi. Əksəriyyət üstünlüyü kişilərdən ibarət komandaya versə də, nəticə əksinə oldu. Zərif cinsin nümayəndələri kişi həmkarlarından daha yaxşı nəticəyə imza atdılar. Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Aydan Höccətova, Nərmin Kazımova və Günay Məmmədzadədən ibarət komandamız 8-ci yeri tutdu. Bəzi mütəxəssislər bunu qadın şahmatçılarımızın imkanlarından yüksək nəticə kimi  qiymətləndirir. Hər halda, yarışqabağı bu komandanın hətta, ilk “onluq”da qərarlaşacağını proqnozlaşdıran az idi.

Komandanın kapitanı  Fikrət Sideyifzadə  də nəticədən razıdır: “Qadınlardan ibarət komandamız Olimpiadaya 16-cı nömrə ilə qatılmışdı. Mükafatçı olmaq imkanımız, demək olar ki, yox idi. Onların qarşısına qoyulan məqsəd ilk “onluğ”a düşmək idi. Qadın şahmatçılarımız vəzifənin öhdəsindən layiqincə gəldilər. Reytinqdə ilk “onluq”da qərarlaşan bəzi komandalarla görüşdə inamlı təsir bağışladılar, hətta qələbələr qazandılar”. Son illərdəki zəif nəticələr fonunda Olimpiadanın 8-ci pilləsi qadın şahmatında irəliləyiş kimi dəyərləndirilə bilər. Görünür zəriflər kəskin tənqidlərdən lazımı nəticə çıxarmağı bacarıblar.  

Digər komandalarımızın çıxışına gəldikdə, kişilərin mübarizəsində Azərbaycan-2  26-cı, Azərbaycan-3  49-cu, qadınların yarışında isə Azərbaycan-2  30-cu, Azərbaycan-3 isə 32-ci pillənin sahibi oldu.

Təbii ki, bu komandalardan yüksək nəticə gözlənilmirdi. Onlar Olimpiadanın əsas prinsipi olan iştirak missiyasını yerinə yetirirdilər. Digər tərəfdən, bu yarış perspektivli idmançıların imkanlarına baxış, gələcək sınaqlar üçün təcrübə toplamaq baxımından da yüksək əhəmiyyət daşıyırdı. Olimpiadaya geniş heyətlə qatılmaqın da əsas məqsədi məhs bu amillərdən qaynaqlanırdı.  Fikrimizcə, bu missiyanı yerinə yetirilmiş saymaq olar. Sözügedən komandalarda yer alan idmançıların hamısı etimadı doğrultmasa da, bəziləri özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Mütəxəssislər xüsusilə, Vüqar Əsədlinin çıxışının gələcəkdə böyük uğurlar vəd etdiyini bildirir.

Beləcə, paytaxtımız daha bir mötəbər beynəlxalq yarışa ev sahbliyi kimi məsul vəzifəni layiqincə yerinə yetirdi. Bu yarış komandalarımızın göstərdiyi nəticələrdən daha çox, yüksək təşkilatçılıq bacarığı ilə yadda qalacaq. Hər halda rekord sayda iştirakçı ilə tarixə düşəcək Şahmat olimpiadasının iştirakçıları Bakıdan xoş təəssüratlarla ayrıldıqlarını gizlətmədilər. Şahmatçılarımıza isə, növbəti Olimpiadalarda etimadı layiqincə doğrultmağı arzulayırıq.

Tural Xudiyev
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir