Avropa çempionatı: Azərbaycanın şahmat millisi ikinci pilləyə yüksəlib
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ikinci pilləyə yüksəlib.
Sportline.az xəbər verir ki, buna yığmanın VII turda Macarıstana qalib gəlməsi səbəb olub.
Qarşılaşma komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Milli hazırda 11 xalla ikincidir. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərlidən ibarət kollektiv daha əvvəl Slovakiya (3:1), Polşa (2.5:1.5) və Ermənistanı (2.5:1.5) məğlub edib, Çexiya (2:2), Niderland (2:2) və Yunanıstanla (2:2) bərabərə qalıb.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevanın heyətində yer aldığı qadınlardan ibarət komanda isə meydan sahiblərinə uduzub - 1,5:2.5. Yığma daha əvvəl Sloveniya (4:0), Macarıstan (2.5:1.5) və Ermənistana (3:1) qalib gəlib. Fransa və Yunanıstanla (hər ikisi 2:2) heç-heçə edən kollektiv Almaniyaya məğlub olub - 1.5:2.5. Qadın millimiz hazırda 8 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.