"Bakı marafonu-2019"-un qalibi məlum oldu

"Bakı Marafonu-2019"un qalibləri müəyyənləşib.

Sportline.az  xəbər verir ki, kişilərin mübarizəsində birinci yeri uqandalı İsmail Senyange tutub. İranlı Məhəmməd Cəfər Moradi ikinci olub. Azərbaycanlı Elman Abışov isə finiş xəttini üçüncü keçib.

Ukraynalı Valentina Paltavska isə qadınlar arasında hamıdan tez finişə çatıb.

"Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarış saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Son məlumata görə, "Bakı Marafonu-2019"da iştirak etmək üçün 22 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Onlardan 580-i əcnəbi vətəndaşdır.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

Keçən yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, "BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak efib. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunub.