"Bakı Metropoliteni"ndən "Qarabağ"ın oyunu ilə bağlı açıqlama

Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"-"Düdelanj" oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

Sportline.az xəbər verir ki, bu barədə  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:55-də başlanacaq.