Bakıda Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı seminar keçirilib

İyulun 21-dən 27-ədək Bakıda 15-ciAvropa Gənclər Olimpiya Festivalı olacaq.

Sportline.az xəbər verir ki, hazırlıqla bağlı yarışın Əməliyyat Komitəsi qitənin Milli Olimpiya Komitələrinin nümayəndə heyəti rəhbərləri üçün seminar keçirib.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyası gənclər siyasəti və idman məsələləri söbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki iştirak edib.

Seminara həmçinin Avropanın 40 ölkəsinin Milli Olimpiya Komitələrinin 70 nümayəndəsi də qatılıb. Tədbirdə texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatlarla tanışlıq, idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm məsələlər müzakirə olunub.  

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 27-ədək davam edəcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.