Baş məşqçi koronavirusa yoluxdu
Braziliya milli futbol komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü videomüraciətində deyib. O bildirib ki, COVID-19 üçün götürülən analiz nümunəsinin cavabı iyulun 3-də bəlli olub.
Nəticə müsbət olduğuna görə o, dərhal hazırda rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən azad edilib. Luşemburqunun yaşı 68 olduğu üçün yüksək risk qrupuna daxildir.
Mütəxəssis koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb.
Qeyd edək ki, Vanderley Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub. Hazırda bu ölkədə 1 578 376 koronavirusa yoluxma, 64 365 ölüm var. Braziliya hər iki göstəricidə ABŞ-dan sonra ikincidir.