Bosniyalı futzalçı: "Azərbaycan millisi İspaniyadan üstün oynadı"

"Azərbaycan millisi çox ciddi rəqibdir".

Sportline.az xəbər verir ki, bunu Bosniya və Herseqovina milli komandasının futzalçısı Yosip Sesar Azərbaycan yığmasına qarşı keçirəcəkləri Avropa çempionatının D qrupunun III tur matçından öncə deyib.

30 yaşlı hücumçu Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektivin Gürcüstan seçməsindən daha yaxşı komanda olduğunu bildirib: "Onlar da gürcülərlə matçda 2 top fərqi ilə önə keçdikdən sonra uduzdular, daha sonra İspaniya ilə heç-heçə etdilər. Hətta deyərdim ki, son matçda rəqibdən daha üstün oynadılar".

Bununla belə, Sesar Azərbaycan millisi ilə görüşdə qələbə qazanmaq istədiklərini gizlətməyib: "Meydana 3 qalibiyyət üçün çıxacağıq. Hər iki kollektivin ifasında açıq oyun gözləyirəm".

Qeyd edək ki, yanvarın 29-da gerçəkləşəcək Azərbaycan - Bosniya və Herseqovina görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.