"Bu vəziyyətdə azarkeşlər nə edirlərsə, düzgün edirlər"
"Xalqımızı "Zəfər Günü" münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün o qədər möhtəşəm gündür ki, Azərbaycanın hər yerində qeyd olunur".
Sportline.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanlarında "Şamaxı" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, oyunla bağlı fikirlərini bölüşüb: "Çox çətindir nəsə demək. Birinci günlərlə müqaysiədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik, hansı problemlərlə üzləşəcəyik, onu dərk edib gəlmişik. İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stressi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. İkinci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü.Rotasiyalar edə-edə daha hazır olanları meydana buraxaraq, komandanı balansa gətirmək lazımdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, bura yaxşı olsaydı, məşqçini dəyişib başqasını gətirməzdilər. Təkcə "Neftçi"də deyil, hər klubda belədir. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Amma mən bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. İnanın ki, mənim şikayətlərim azarkeşlərə maraqlı da deyil. Məni bura komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər. Bu haqda danışmıram.Burada olan azarkeşlər də, olmayanlar da, nə danışırlarsa, deyirlərsə nəsə axtarmaq günahdır. Kiminsə düz və ya səhv deməsini axtarmaq belə günahdır. Bizim vəziyyətimizdə, neçə oyun qazana bilməyən komandanın baş məşqçisi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz etmək ixtiyarımız var? Və ya futbolçular onlara nə deyə bilər? Hamısı özünə görə haqlıdır. Bu vəziyyətdə azarkeşlər nə edirlərsə, düzgün edirlər" - deyə Samir Abasov bildirib.