"Cavab matçında bu günkü kimi oynaya bilmərik" - Qriqorçuk

“Düşünürəm ki, rəqib layiqli qələbə qazandı. Məğlub olduğumuza görə özümüzü xoşbəxt hesab edə bilmərik”. SportLine.az gabalafc.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə “Panatinaikos”la qarşılaşan “qırmızı-qaralar” 0:1 hesablı məğlubiyyətə üzülüblər.

Görüş başa çatdıqdan sonra yerli jurnalistlərin suallarını cavablandıran ukraynalı çalışdırıcı fikirlərini bölüşüb: “Rəqibin qalib gəlməsi tam qanunauyğun idi. Hətta hesab daha böyük ola bilərdi. “Panatinaikos”un oyunu tamamilə gözlədiyimiz mənzərə idi. Həm taktiki, həm strateji cəhətdən belə oynayacağını bilirdik. Düzdür, bəzi xırda yeniliklər də var idi. Amma bizi təəccübləndirən bir məqam izləmədik.

Bu gün istədiyimiz və bacardığımız kimi oynaya bilmədik. Öz üslubumuzda oynaya biləcəyimiz halda, fərqli futbol göstərdik. Məni də bu üzdü. Bu gün rəqibin ciddi üstünlüyü var idi. Lakin düşünmürəm ki, vəziyyəti düzəldə bilmərik. Çünki hətta hazırlığımızın indiki mərhələsində də biz daha düzgün oynamaq gücündəyik. Bu gün də biz fərqli oynamalı idik. Amma rəqib bizə öz futbolumuzu oynamağa imkan vermədi.

Rəqibin yaxşı futbol oynadığını etiraf edirəm. Mərhələ keçmək şanslarımız var və az deyil. Bugünkü qarşılaşmanın necə keçməsinə baxmayaraq şanssız olduğumuzu demək olmaz. Biz hər görüşdə ən hazırlıqlı futbolçulara şans veririk. Ona görə də cavab matçında hansı dəyişikliklər olacağını indidən demək olmaz. Amma əminəm ki, biz fərqli oynayacağıq. Çünki bugünkü kimi oynaya bilmərik”.