Çempionlar Liqasında 5-ci tur həyəcanı
UEFA Çempionlar Liqasında bu gün 5-ci tura start veriləcək. SportLine.az xəbər verir ki, oyun günündə 8 qarşılaşma keçiriləcək.
Yarışın son qalibi “Barselona” bu tur liderliyi təmin edə bilər. Doğma meydanda “Roma” ilə qarşılşacaq kataloniyalılara bunun üçün 1 xal da yetərlidir. Lakin “Barsa” heç də müdafiə futbolu oynamaq niyyətində deyil. Oyundan əvvəl keçirilən mətbuat kofransında baş məşqçi Luis Enrike də qələbə niyyətini gizlətməyib: “Komandamda əhval-ruhiyə əladır. La Liqanın son turunda parlaq qələbə qazanmışıq. Eləcə də, zədəli futbolçularımız heyətə qayıdıblar. Bu amillər qələbəyə zəmin yaradır”.
Qrupun digər matçında “Bayer Leverkuzen” Belarusa səfər edəcək.
"E" qrupu
21:00. BATE - "Bayer Leverkuzen"
23:45. "Barselona" - "Roma"
Günün maraqlı görüşlərindən biri Münhendə keçiriləcək. 9 xalla “F” qrupunun zirvəsində qərarlaşan “Bavariya” və “Olimpiakos” “Allians Arena”da münasibətlərə aydınlıq gətirəcək. Heç-heçə qeydə alınacağı təqdirdə hər iki komanda vaxtından əvvəl 1/8 finala yüksələcək. Lakin “Bavariya”nın doğma meydanda 1 xalla kifayətlənəcəyi inandırıcı deyil. “Arsenal” da buna ümid edir. Çünki əks halda “Dinamo Zaqreb”lə görüşün nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcək.
"F" qrupu
23:45. "Bavariya" - "Olimpiakos"
23:45. "Arsenal" - "Dinamo Zaqreb"
Vəsiqəni vaxtından əvvəl təmin edən “Zenit”in “Valensiya” ilə dueli də maraqla gözlənilir. İspanlar qələbə qazanmaqla növbəti mərhələyə adlaya bilərlər. Lakin bunun üçün onlar “Gent”in “Lion” səfərində xal itkisinə ümid bəsləməlidirlər.
"H" qrupu
21:00. "Zenit" - "Valensiya"
23:45. "Lion" - "Gent"
Gərginliyi ilə seçilən “G” qrupunda “Porto” doğma azarkeşlər önündə bir çox suala aydınlıq gətirə bilər. Portuqaliyalılar “Dinamo Kiyev”lə görüşdə 3 xal əldə etsələr, adlarını 1/8 finala yazdıracaqlar. “Çelsi” isə Təl-Əvivdə qalib gəlsə, növbəti mərhələyə yüksələn komandaların sırasına qoşulacaq.
"G" qrupu
23:45. "Porto" - "Dinamo Kiyev"
23:45. "Makkabi Təl-Əviv" - "Çelsi"