Çexiyalı futbolçu: "Bakıda hər iki komanda üçün şərtlər eyni olacaq"
"Dünya çempionatının seçmə mərhələsində baş məşqçi Karel Yarolimin rəhbərliyi altında Bakıda oynamışam".
Sportline.az xəbər verir ki, bu fikirləri Çexiya millisinin futbolçusu Antonin Barak Danimarkaya qarşı Bakıda keçirəcəkləri Avropa çempionatının 1/4 final mərhələsinin oyunundan əvvəl federasiyanın rəsmi saytına müsahibəsində deyib.
27 yaşlı yarımmüdafiəçi 2017-ci ildəki səfərin uzun çəkdiyini bildirib: "Həmin vaxt fərqli şərtlər var idi. Bunlarla bir az məşğul olduq. Amma indi AVRO-2020-nin 1/4 final oyunudur. Bu mövzuda dərinə baş vurmağa gərək yoxdur. Hər matç bizim üçün sonuncu ola bilər. Rəqib üçün də həmçinin. Biz çıxılmaz vəziyyətdə olduğumuzu düşünə bilmərik. Hər iki komanda üçün şərtlər eyni olacaq. Mümkün qədər daha yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.