Çingiz İsmayılov: "Bu məqam olmasaydı, “Neftyanik” SSRİ çempionu adını belə qazanardı"
Bu il 80 illik yubileyini qeyd edəcək "Neftçi"nin tarixində ən uğurlu səhifə 1966-cı il SSRİ çempionatında qazanılan bürünc mükafatdır. Maraqlıdır, həmin il "Neftyanik" adını daşıyan komandamız daha yüksək əyarlı medallara sahib çıxa bilərdimi? Sportline.az saytının əməkdaşı bu sualla "Neftçi"nin veteranı Çingiz İsmayılova müraciət edib.
Həmin vaxt Gəncənin “Dinamo” komandasında oynayan, 1962-ci ilə qədər isə, “Neftyanik”in şərəfini və qapısını qoruyan Çingiz İsmayılov olduqca maraqlı məqamlara toxunub:

1960, 61 və 62-ci illərdə mən də “Neftyanik”də çıxış etmişəm. 1964-cü ildə Sokolov baş məşqçi postuna gətirildi. “Bürünc mövsüm”də də “Neftyanik” onun rəhbərliyi altında hazırlaşmışdı. Sadəcə, sonradan nəticələr gözlənilən kimi olmadı, Sokolovu Əhməd Ələsgərov əvəzlədi. Ələsgərov özü də 1963-cü ilə qədər “Neftyanik”də oynayırdı. Karyerasını bitirən kimi məşqçiliyə başladı. 1966-cı ildə həm də dünya çempionatı keçirilirdi. Banişevski tez-tez SSRİ yığmasının heyətinə çağrılır, uzaq səfərlərə gedirdi. Kim bilir, bəlkə də bu məqam olmasaydı, “Neftyanik” SSRİ çempionu adını belə qazanardı. Elə bu səbəbdən də ona mövsümün sonunda güzəşt etdilər, medal verdilər. Onunla yanaşı Markarov da yığmanın heyətinə çağrılırdı. Belədə əsas yük Kazbek Tuayevin çiyinlərinə düşmüşdü. Elə bunun nəticəsi idi ki, Tuayev komandanın ən sərrast futbolçusu oldu. Bürünc medallar heç bir halda təsadüfi deyildi. Bu mükafat “Neftyanik”in keçirdiyi əla mövsümün məntiqi nəticəsi idi”.