ÇSKA Avroliqanın qalibi oldu

Basketbol üzrə Avroliqa turnirində medalçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, finalda Türkiyənin “Anadolu Efes” kollektivi ilə qarşılaşan ÇSKA Moskva oyuna daha fəal başlayıb. Rusiya komandası ilk periodda qalib gəlib: 29-20. Ruhdan düşməyən rəqib basketbolçular 2-ci hissədə hesab arasındakı fərqi azaldıblar: 42-44. Böyük fasilədən sonra yenidən təşəbbüsü ələ alan Moskva kollektivi 3-cü və 4-cü periodda qalib gəlib. 91-83 hesablı qələbəyə sevinən ÇSKA Avroliqa turnirinin qalibi olub.

3-cü yer uğrunda görüşdə Türkiyənin digər təmsilçisi “Fənərbağça” “Real” Madridlə üz-üzə gəlib. Oyuna daha sürətli başlayan Madrid basketbolçuları 24-16 hesabı ilə qələbə qazanıblar. “Fənərbağça” 2-ci hissədə təşəbbüsü ələ alıb. Obrodoviçin komandası böyük fasiləyə üstün yollanıb: 40-38. Son periodlarda yenidən üstünlüyə yiyələnən “Real” qalib gəlib: 94-75. Bununla da Madrid komandası Avroliqanın 3-cüsü olub.