"Cimbom"da ciddi itkilər

“Qalatasaray” Türkiyə Superliqasının 17-ci turunda "Konyaspor"la səfər oyununa ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, son turda “Antalyaspor”la görüşdə (0:0) komandanın 3 futbolçusu cəzalı duruma düşüb.
 
Emre Kılınc qırmızı vərəqə alıbsa, Arda Turan və Markao sarı vərəqə limitini doldurduğuna görə Konya səfərinə yollanmayacaq.
 
Kolumbiyalı  hücumçu Radamel Falkao da “Antalyaspor”la görüşdə zədələnib. 46-cı dəqiqədə meydana buraxılan forvard 77-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməyib. Onun da qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir.

İstanbul klubunun müdafiəçisi Omar Elabdullaui isə bir neçə gün əvvəl yeni il atəşfəşanlığı zamanı üzündən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Konyaspor" - "Qalatasaray" oyunu yanvarın 5-də keçiriləcək.