Cüdoçularımızın təlim-məşq toplanışı davam edir
Quba Olimpiya İdman Kompleksində Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət milli komandaları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Çexiya, Fransa və Beynəlxalq Cüdo Federasiyasını təmsil edən idmançıların beynəlxalq təlim-məşq toplanışı davam edir.
Sportline.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə 9 ölkədən 280-ə yaxın cüdoçu qatılıb.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərli, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əmrahov rəhbərlik edir.
5–7 may tarixlərini əhatə edən təlim-məşq toplanışı iyun ayında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatı və iyulda reallaşacaq Avropa Gənclər Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.