Didye Deşam: "Biz bu böyük komandaya qarşı ən yüksək səviyyədə hazırlaşmışıq"
Bu gün futbol üzrə Dünya çempionatında ilk yarımfinalçı müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, söhbət Fransa - Mərakeş görüşündən gedir. Qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Fransa millisinin baş məşqçisi Didye Deşam maraqlı açıqlamaları ilə diqqət çəkib.
"Mərakeş millisi qrup mərhələsini çox rahat keçməklə, ardınca isə Niderland və Kanadanı turnirdən kənarlaşdırmaqla nə dərəcədə ciddi komanda olduğunu sübut etdi. Onların oyun tərzi 1/8 finalda qarşılaşdığımız Paraqvaydan tamamilə fərqlənir. Biz Mərakeşlə dörd il əvvəl Qətərdə keçirilən dünya çempionatının yarımfinalında da üzləşmişdik. Onlar həmin vaxtdan bəri çox inkişaf ediblər və son olaraq Afrika Millətlər Kubokunun finalında oynayıblar. Heyətlərində çox yüksək fərdi keyfiyyətlərə və dünya səviyyəli ustalığa malik futbolçular çıxış edir. Onlar bura sadəcə meydanda olmaq və ya yaxşı mübarizə aparmaq üçün gəlməyiblər, məqsədləri ciddidir. Biz bu böyük komandaya qarşı ən yüksək səviyyədə hazırlaşmışıq. Hücum xəttində Paraqvay matçı ilə müqayisədə daha səmərəli və kəsərli oynamağımız lazımdır. Zədəli Aurelien Çuamenidən başqa bütün futbolçularımız oyuna tam hazır vəziyyətdədirlər. Maykl Olisenin sarı vərəqəsinin ləğv edilməsi üçün FİFA-ya etdiyimiz müraciət isə təəssüf ki, rədd edildi və qərar qüvvədə qaldı. Argentinalı hakimlərin təyinatı ətrafında yaranan müzakirələrə gəlincə, mən buna tamamilə neytral yanaşıram və meydana yalnız futbol oynamaq üçün çıxacağıq", - deyə Deşam bildirib.
Qeyd edək ki, Fransa - Mərakeş görüşü bu gecə saat 12-də başlanacaq.