Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayıb və Avstriyanı 4:0 hesabı ilə məğlub edib.
Madina Kaisinova (+70) Mariya Höllvart üzərində qələbə qazanıb. Xədicə Qədəşova (+57) Laura Kallingerə qalib gəlib.
Kişilərin yarışında Zelim Kotsoyev (+90) Movli Borçaşvilini məğlub edib. Ardınca Rəşid Məmmədəliyev (+73) isə Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.
Azərbaycan komandası 1/8 finalda Yaponiya millisi ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Yaponlarla görüşdə millimizin heyətində Kotsoyev qalib gəlib, Qadaşova, Ağayeva, Məmmədəliyev və Tsakayev isə məğlub olub.
Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar. Azərbayan millisi fərdi yarışlarda ümumi komanda hesabında 3-cü yeri tutub.