Döyülən hakim: "Zərbədən nəfəsim kəsildi"
Həftəsonu Türkiyə Super Liqasında keçirilən "Trabzonspor" - "Fənərbaxça" matçında yerli azarkeş tərəfindən döyülən hakim Volkan Bayarslan həmin anlardan danışıb. SportLine.az "Hürriyet"ə istinadən xəbər verir ki, əlavə köməkçi hakim funksiyasını icra edən Bayarslan insidenti belə təsvir edib: "Qəfildən kürəyimdən, sonra da ürəyimin üstündən zərbə aldım. Nəfəsim kəsildi. Həmkarım Asim Yusifə təşəkkür edirəm. O, vaxtında mənə kömək etməsəydi, çətin ki ayağa qalxa biləydim".
Meydanı çətinliklə tərk etdiyini deyən Bayarslan soyunub-geyinmə otağında da halının pisləşdiyini bildirib: "Meydanı tərk edəndən sonra çətinliklə özümə gələ bildim. Nəfəs ala bilmirdim. Zərbələrin yeri, hələ də ağrıyır".
Xatırladaq ki, "Trabzonspor" - "Fənərbaxça" görüşünün 89-cu dəqiqəsində baş verən hadisələrdən sonra oyun yarımçıq dayandırılmışdı.